Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, 2025-ci ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunması bu tədbirin ictimai-siyasi və ideoloji baxımdan əhəmiyyətini daha da artırır. Bu qərar bir tərəfdən ölkəmizin hüquqi əsaslarının möhkəmləndirilməsinə, digər tərəfdən isə suverenliyimizin tam bərpasına verilən tarixi və mənəvi dəyərin göstəricisidir.
Konstitusiyamızda ilk dəfə olaraq insan və vətəndaş hüquq və azadlıqları ali dəyər kimi təsbit olunmuş, hüquqi, demokratik və sosial dövlət anlayışı əsas prinsiplərdən biri kimi təqdim olunmuşdur. Məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, bu gün Azərbaycan dövləti sosial yönümlü siyasəti ilə fərqlənir, əhalinin rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz bu prinsipial xəttə sadiq qalaraq, sosial ədalətə və insan amilinə söykənən islahatları davam etdiririk. Əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının modernləşdirilməsi, inklüziv cəmiyyətin qurulması, məşğulluq imkanlarının genişləndirilməsi və şəffaf sosial xidmətlərin inkişafı istiqamətində görülən işlər birbaşa Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanan Konstitusiyamızın həyata keçirilməsinin real ifadəsidir.
Nazirliyin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Elmin Fərəcov qeyd edib ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən etmiş, ölkəmizin demokratik inkişafına, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına zəmin yaratmışdır. Bu mühüm dövlət sənədinin hazırlanması və qəbul prosesi birbaşa Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Onun dərin hüquqi təfəkkürü, siyasi uzaqgörənliyi və milli maraqlara sadiqliyi nəticəsində Konstitusiyamız hərtərəfli, sabit və dinamik inkişaf edən bir dövlətin təməlini qoymuşdur.
Tədbirin yekununda Ümummilli Lider Heydər Əliyevinin zəngin siyasi irsinin əks olunduğu videomaterial təqdim edilib.