Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib.
“İş yerlərində əməyin mühafizəsi”, “Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər”, “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzularında keçirilən görüşdə Nazirliyin Əmək Siyasəti şöbəsinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı təqdimatlarla çıxış ediblər.
Görüşdə işəgötürənlərə əməyin təhlükəsizliyi və gigiyenası, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı tərəfindən “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna dair müvafiq məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
İşçi sayı çox olan, ağır, zərərli və təhlükəli sahələrdə fəaliyyət göstərən 58 dövlət və qeyri-dövlət müəssisəsindən 70 nümayəndənin iştirak etdiyi görüşün sonunda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.