Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri
Atabəy Fəxrəddin oğlu Məmmədli
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) qanunvericiliklə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
Agentlik vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Qanunvericiliklə müəyyən edilmiş hallarda Agentlik qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə, bank hesabları, loqotipi (emblemi), Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
Qanunvericiliyə uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
Agentlik Naxçıvan şəhərində yerləşir.
Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılması ilə təkliflərin hazırlanmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, o cümlədən övladlığagötürmə sahəsində nizamnamə ilə müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və təklifləri dəstəkləmək və nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək agentliyin fəaliyyət istiqamətlərinə aiddir.
Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti 3 (üç) nəfərdən – Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.