Ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Belə tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlmişdir. Ötən dövrdə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulmuşdur. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyaları əsasında təkmilləşdirilmişdir. Nazirlik tərəfindən uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri də aparılır.
Növbəti maarifləndirmə tədbiri Nazirliyin əməkdaşları tərəfindən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə IX, X, XI sinif şagirdlərinin iştirakı ilə reallaşıb.
Qeyd edək ki, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda ümumtəhsil müəssisələrində şagirdlərlə maarifləndirici görüşlər, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2025-ci il üçün təsdiq olunmuş “İş Planı”na və Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Nazirlik tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir.