Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli 1990-cı ildə şəhid olan gizir Afət Feyzullayevin və 2020-ci ildə Xocavənd rayonu Tuğ kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tağı Abdullazadənin ailələrini ziyarət edərək, qayğıları ilə maraqlanıb.
Atabəy Məmmədli şəhid Tağı Abdullazadənin vətənə əmanət övladı Yusuf Abdullazadənin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Tağı Abdullazadə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!