Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində sığortaedənlər üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin düzgün təyin olunması və ödənilməsi, Dövlət Vergi Xidmətinə təqdim edilən vahid bəyannamələrdə DSMF ödənişləri üzrə ilkin və dəqiqləşdirilmiş məlumatların düzgün hazırlanmasına dair məlumatlandırmanın aparılması olub.
Tədbirdə iştirakçılara sosial sığorta və fərdi uçotun təşkili, hesabatların düzgün və vaxtında vergi orqanlarına təqdim edilməsi, www.e-gov.az elektron hökumət portalı üzərindən sənədlərin göndərilməsi qaydaları izah olunub. Həmçinin, sığortaedənlər tərəfindən təqdim edilən haqq-hesab cədvəllərində rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib.
80-ə yaxın əməkdaşın iştirak etdiyi tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.