Məşğulluq siyasətinin həyata keçirilməsi və aktiv məşğulluq tədbirlərinin təşkili istiqamətində görülən işlərə dair infosessiya keçirilib. Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əhalinin məşğulluğunun artırılması ilə bağlı görülən işlər təhlil olunub.
Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların vakant iş yerlərinə göndərilməsi, haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb edilməsi, əməkhaqqının bir hissəsinin birgə maliyyələşməsi proqramı, işsizlikdən sığorta ödənişi, peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı tədbirlərin əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan bəhs olunub. Məşğulluq orqanları tərəfindən müvafiq sistem üzərindən qeydiyyata alınan ali təhsilli gənclərin məşğulluğunun təmin olunması istiqamətində icrasına başlanılan “Karyera körpüsü” layihəsinin, eyni zamanda məhkumların və cəza çəkməkdən azad edilmiş şəxslərin sosial müdafiəsinin təşkili istiqamətində aid qurumlarla birgə həyata keçirilməsi nəzərdə tutulan layihənin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda infosessiyada haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin mütəmadi monitorinqlərinin aparılması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğun təşkil edilməsi, habelə haqqı ödənilən ictimai işlər və özünüməşğulluq proqramı üzrə ayrılmış müvafiq kvota çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə üstünlük verilməsi istiqamətində tapşırıqlar verilib.