Maarifləndirmə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən həyata keçirilib.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin düzgün təyin edilməsi və ödənilməsi üçün hazırlanan xəstəlik vərəqələrinin tərtib olunmasına dair tələblər muxtar respublika ərazisində fəaliyyət göstərən 11 tibb müəssisəsinin 50-yə yaxın nümayəndəsinin diqqətinə çatdırılıb. Mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq, xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Cari il mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.
Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.
Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.
Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.
“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərat yaradır.