/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edilməsi, tənha ahıllar və əlilliyi olan şəxslərə evdə sosial xidmət göstərilməsi istiqamətində mütəmadi işlər aparılır.
Bu məqsədlə Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi üçün dövlət tərəfindən natura şəklində mal, material və digər əmlak dəstəyi göstərilir. Eyni zamanda aztəminatlı ailələrin müəyyən olunması, əlillik təyinatı, reabilitasiya tədbirlərinə cəlb olunması, sosial xidmətlərin göstərilməsi istiqamətində geniş maarifləndirmə işləri həyata keçirilir.
Sözügedən tədbirlər çərçivəsində Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.