/**/
Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və ailə mühitində qayğı modelinin təşviqi məqsədilə Culfa rayonunda maarifləndirici tədbir keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi “Himayədar ailə modeli və Qeytkiping mexanizmi” və “Təhsildə sosial iş” layihələrinin Naxçıvan Muxtar Respublikasında tətbiqi ilə bağlı ictimaiyyətin məlumatlandırılması, həmçinin yerli icra strukturları və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi olub.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Elmar Həsənov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov çıxış edərək, uşaq hüquqlarının müdafiəsi, ailə əsaslı alternativ qayğı formalarının təşviqi və sosial işin cəmiyyətin rifahında oynadığı roldan bəhs ediblər.
Maarifləndirici görüşdə Culfa rayonunun inzibati ərazi dairələri üzrə nümayəndələri, qəyyumluq və himayəçilik komissiyalarının üzvləri, məktəb direktorları, psixoloqlar və digər müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən “Himayədar ailə modeli və Qeytkiping mexanizmi”, eləcə də “Təhsildə sosial iş” layihələrinin mahiyyəti, məqsədləri və tətbiq mexanizmləri barədə ətraflı təqdimat olunub. Qeyd olunub ki, himayədar ailə modeli institusional qayğıya alternativ olaraq uşaqların ailə mühitində böyüməsinə, sosial və emosional inkişafına şərait yaradır. Qeytkiping mexanizmi isə uşaqların müəssisələrə yerləşdirilmədən əvvəl bütün alternativlərin qiymətləndirilməsini təmin edir.
Sonda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb və layihələrin yerli səviyyədə həyata keçirilməsi ilə bağlı tövsiyələr müzakirə olunub.