/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbir çərçivəsində Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının nümayəndələri müvafiq mövzular üzrə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Çıxışlar zamanı iştirakçılara Azərbaycan Respublikasının əmək qanunvericiliyində azyaşlıların əmək fəaliyyətinə cəlb olunmasına dair tələblər, məcburi əməyin və uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarına dair ümumi müddəalar və bu istiqamətdə müəyyən edilmiş tələblər iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirici tədbirdə 24 dövlət və qeyri-dövlət sektorlarını təmsil edən ümumilikdə 30-a yaxın nümayəndə iştirak edib. Tədbirin sonunda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.