/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “Uşaqların əmək hüquqları”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının nümayəndələri müvafiq mövzular üzrə çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının əmək qanunvericiliyində azyaşlıların əmək fəaliyyətinə cəlb olunmasına dair tələblər barədə iştirakçılar məlumatlandırılıblar. Həmçinin məcburi əməyin və uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirmə və nəzarət tədbirləri barədə məlumat verilib.
Tədbirdə əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələlər izah edilib. Eyni zamanda, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və əmək münasibətlərinin rəsmiləşdirilməsinin həm işçilər, həm də işəgötürənlər üçün yaratdığı hüquqi təminatlar barədə ətraflı məlumat təqdim olunub.
Dövlət və qeyri-dövlət sektorlarından ümumilikdə 38 nümayəndənin iştirak etdiyi tədbirin sonunda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.