/**/
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının iştirakı ilə “Təmiz təbiət, sağlam gələcək” devizi altında təmizlik aksiyası təşkil olunub.
Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksi ərazisində keçirilən aksiyada 10 nəfər benefisiar iştirak edib.
Aksiya çərçivəsində iştirakçılar ərazidə təmizlik işləri apararaq müxtəlif tullantıları toplayıb, ətrafın abadlaşdırılmasına və ekoloji tarazlığın qorunmasına öz töhfələrini veriblər. Tədbir zamanı ərazidə səliqə-sahman yaradılıb, təmizliyin və ətraf mühitə həssas münasibətin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Tədbirin keçirilməsində əsas məqsəd həssas qruplardan olan şəxslərin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən təşəbbüslərə cəlb olunması, onlarda ekoloji məsuliyyət hissinin formalaşdırılması və ekoloji maarifləndirmə işinin gücləndirilməsi olub.