/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli 2020-ci ildə II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan kapitan Seymur Cabbarovun, leytenant Rauf Qurbanovun və Zülal Mədətlinin ailələrini ziyarət edərək, qayğıları ilə maraqlanıb.
Atabəy Məmmədli şəhid, Zülal Mədətlinin vətənə əmanət övladı Rəhim Mədətlinin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, kapitan Seymur Cabbarov III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, şəhid, leytenant Rauf Qurbanov “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, şəhid Zülal Mədətli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!