/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Kəngərli rayonunda yaşayan, 2020-ci ildə Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş mayor Fuad İsmayılovun və 2022-ci ildə Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn kapitan Fərid Mehbalının ailələrini ziyarət edib.
Elnar Hüseynov şəhid, mayor Fuad İsmayılovun vətənə əmanət övladı Xəyal İsmayılovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, mayor Fuad İsmayılov III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları, şəhid, kapitan Fərid Mehbalı "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!