/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” peşəyönümü məsləhət xidməti fəaliyyətini davam etdirir. Bu çərçivədə Sədərək rayonunda orta məktəb şagirdlərinin ixtisas seçimi və karyera planlamasına dair növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir Sədərək rayonunun Sədərək kənd 2 nömrəli və Dəmirçi kənd tam orta məktəblərində keçirilib. Maarifləndirmə sessiyalarında şagirdlərə gələcək peşə və ixtisas seçiminin əsas meyarları, əmək bazarının tələbləri, karyera hədəflərinin müəyyənləşdirilməsi və planlaşdırılması barədə məlumat verilib.
Ümumilikdə 186 şagird - o cümlədən 96 nəfər 5-7-ci sinif, 90 nəfər isə 8-11-ci sinif şagirdləri-peşəyönümü mövzusunda məlumatlandırılıb, onların ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Peşəyönümü məsləhət xidmətləri gələcəkdə də digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.