/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Şərur rayonundan olan, 1994-cü ildə şəhid olmuş Əli Cavadovun, 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Murad Xəlillinin və 2022-ci ildə Laçın rayonunun Bozlu kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan baş leytenant Əli Əliyevin ailələrini ziyarət edib.
Rasim Piriyev şəhid Murad Xəlillinin vətənə əmanət övladı Fatimə Xəlillinin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Murad Xəlilli “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, şəhid, baş leytenant Əli Əliyev “Azərbaycan Bayrağı” ordeni, “Şücaətə görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!