/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “Qadınların əmək hüquqları” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir təşkil olunub.
Tədbir çərçivəsində əmək münasibətlərində qadınların hüquqlarının təmin olunmasının əhəmiyyəti, onların əməyindən qanunvericiliyin tələblərinə uyğun istifadə olunmasının vacibliyi barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda qadınlar üçün nəzərdə tutulmuş güzəştlər, imtiyazlar və əlavə təminatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, qeyri-formal məşğulluğun qarşısının alınmasının əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə də məlumat təqdim olunub.
Çıxış edənlər bildiriblər ki, tədbirin əsas məqsədi qadınların əmək sahəsində mövcud hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılması, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir.
Tədbirdə 32 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 34 nümayəndə iştirak edib. Mövzularla bağlı iştirakçıların ünvanladıqları suallar cavablandırılıb və müvafiq izahlar verilib.