/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbir keçirilib.
Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları çıxış edərək əmək münasibətlərində qadınların hüquqlarının qorunmasının əhəmiyyəti və onların əməyindən mövcud qanunvericiliyin tələblərinə uyğun istifadə olunmasının vacibliyi barədə iştirakçılara ətraflı məlumat veriblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş güzəştlər, imtiyazlar və əlavə təminatlar, eləcə də əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları ilə bağlı müvafiq məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin tədbirdə qeyri-formal məşğulluğun qarşısının alınmasının əhəmiyyəti, bu istiqamətdə həyata keçirilən tədbirlər və əmək münasibətlərinin rəsmiləşdirilməsinin işçi və işəgötürən üçün yaratdığı hüquqi təminatlar barədə ətraflı məlumat təqdim olunub.
25 dövlət və qeyri-dövlət müəssisəsindən 30-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə iştirakçıları marqlandıran suallar cavablandırılıb və müvafiq izahlar verilib.