/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidməti birgə təşəbbüsü ilə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərlə fərdi söhbətlər aparılıb.
Fərdi söhbətlərin əsas məqsədi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin və “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq həmin şəxslərin cəmiyyətə uyğunlaşmasına və sosial həyata reinteqrasiyasına yardım göstərmək, onların məşğulluq imkanlarının artırılmasına dəstək olmaq, habelə sosial problemlərinin həllinə kömək göstərməkdən ibarət olub.
Söhbətlər zamanı iştirakçıların müraciət və problemləri dinlənilərək qeydiyyata alınıb, hər bir şəxs üzrə fərdi yanaşma əsasında zəruri tədbirlər müəyyən edilib. Bununla yanaşı, onlara dövlət tərəfindən göstərilən sosial xidmətlər və yardım mexanizmləri barədə ətraflı məlumat verilib, cəmiyyətə inteqrasiyanın möhkəmləndirilməsinin, sosial vəziyyətin yaxşılaşdırılmasının və davamlı məşğulluğun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.