/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin edilməsi və cəmiyyətə reinteqrasiyası istiqamətində fərdi görüşlər keçirilib.
Görüşlərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin və "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin sosial adaptasiyasına və reabilitasiyasına dəstək göstərmək, məşğulluq imkanlarının genişləndirilməsinə kömək etmək, eləcə də onların cəmiyyətə uğurlu reinteqrasiyasını təmin etmək olub.
Qəbul zamanı müraciətlər dinlənilərək qeydiyyata alınıb və fərdi yanaşma əsasında iş aparılıb. Eyni zamanda onlara dövlət tərəfindən təqdim olunan sosial xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, cəmiyyətə inteqrasiyanın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı məşğulluğun təmin olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.