/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin olunması və cəmiyyətə reinteqrasiyası istiqamətində maarifləndirmə tədbiri təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov və Nazrilik yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Heydər Quliyev çıxış edərək bu kateqoriyadan olan şəxslərin cəmiyyətə uyğunlaşmasının və onların sosial müdafiəsinin gücləndirilməsinin vacibliyindən danışıblar. Bildirilib ki, məşğulluq tədbirlərinin genişləndirilməsi və bu şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Yunis Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial adaptasiyası və reabilitasiyası istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin yenidən cəmiyyətə inteqrasiyası, onların təkrar hüquqpozmalara yol verməməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Tədbirin sonunda cəza çəkməkdən azad olan şəxslərin sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində müvafiq izahatlar təqdim olunub.