/**/
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası məqsədi ilə özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Səyyar kofe evləri” layihəsi çərçivəsində işsiz, barista sahəsində çalışmaq istəyən, Ordubad rayon sakini Toğrul Quliyevə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə qeyd edib ki, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük verilib.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023—2027-ci illər üçün Dövlət Proqramı" prioritet istiqamətləri ilə əlaqədar olaraq regionun xüsusiyyətlərinə uyğun vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması davam etdirilməkdədir. Bu gün “Səyyar kofe evləri” layihəsi çərçivəsində təqdim edilən aktivlər də bu istiqamətdə görülən işlərin davamıdır.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, özünüməşğulluq proqramı alternativ sosial müdafiə tədbirləri içərisində əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Ordubad rayon sakininə "səyyar kofe xidməti" sahəsində aktivlərin verilməsi dayanıqlı məşğulluğun təmin edilməsi ilə yanaşı, kiçik sahibkarlıq fəaliyyətinin genişlənməsinə dəstək kimi qəbul edilir.