/**/
15 oktyabr 2025-ci il tarixdə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkasının bağlanış tədbiri baş tutub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkası uğurla başa çatıb. Sevindirici haldır ki, sərgi-satış yarmarkasına böyük maraq göstərilib, yüzlərlə qonaq sərgini ziyarət edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də sərgini ziyarət edərək öz tövsiyə və tapşırıqlarını verib. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həmçinin Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər qonaqlar sərgini ziyarət ediblər. Sərgi-satışda zövqlə hazırlanmış əl işləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Komitə sədri qeyd edib ki, keçirilən sərgidə ümumilikdə 261 müəllifin 11738 əl işi sərgilənmiş, 214 müəllifin 15220 manat dəyərində 1508 əl işi satılmışdır. Bu da ötən illə müqayisədə 2255 manat dəyərində çox əl işi deməkdir. Bu, həm gözəl nəticə və üstünlükdür, həm də məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların ailə büdcəsinə təsir edən mühüm amildir. Muxtar respublika rəhbərliyinə həm öz adımdan, həm də sizlərin adından minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcək illərdə sərgi-satış yarmarkasında qadınlarımızın yaradıcılığı daha da inkişaf edəcək və onların əl işləri daha geniş maraq doğuracaq.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bir çox tədbirlər həyata keçirilib. Məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası da bu tədbirlərdən biridir. Bugünkü tədbir həmin fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Sərgi-satış yarmarkası sayəsində məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınlar üçün əlavə gəlir mənbəyi formalaşır, onların cəmiyyətə inteqrasiyası üçün yeni imkanlar yaranır. F.Bağırzadə vurğulayıb ki, gələcəkdə bu kimi tədbirlər daha da təkmilləşdiriləcək və onların cəmiyyət üçün faydalı təsiri davamlı olacaq.
İstedadlı qadın Teyfə Qasımova çıxış edərək bildirib ki, belə tədbirlər göstərir ki, zəhmət və səy heç vaxt nəticəsiz qalmır. Hər bir əl işi böyük diqqət və qayğı ilə hazırlanıb. O bildirib ki, sərgi-satış yarmarkası həm ailə büdcələrinə dəstək olur, həm də qadınların iqtisadi fəallığının artırılmasına imkan yaradır. T.Qasımova qadınlarımıza göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Bağlanış tədbirinin sonunda sərgi-satış yarmarkasında fəal iştirak edən şəxslərə Komitənin “Təşəkkürnamə”ləri təqdim edilib və xatirə fotosu çəkdirilib.