/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Milli Abilimpiya Federasiyasının təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə əlilliyi olan şəxslərin peşə və yaradıcılıq bacarıqlarının aşkar edilməsi məqsədilə Regional Abilimpiya Çempionatı keçirilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə, Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rahimov və Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək çempionatın əsas məqsədinin müvafiq kateqoriyadan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, onların ictimai fəallığının artırılması və inklüziv cəmiyyət quruculuğuna dəstək vermək olduğunu qeyd ediblər.
Çıxış edənlər bildiriblər ki, bu hərəkat əlilliyi olan şəxslərin “Mən bacarıram!” deməsinə imkan yaradan, onların potensialını üzə çıxaran və beynəlxalq səviyyədə nümayiş etdirən ən mühüm platformalardan biridir. Qeyd olunub ki, 2020-ci ildən ölkəmizdə fəaliyyət göstərən Abilimpiya hərəkatı vasitəsilə əlilliyi olan şəxslər istedadlarını nümayiş etdirməklə cəmiyyətin fəal və məhsuldar üzvlərinə çevrilirlər. Çempionat, iştirakçıların öz potensiallarını göstərməsi və yeni imkanlar əldə etməsi üçün mühüm platforma kimi dəyərləndirilib.
Bir mərhələli formatda təşkil olunan Regional Abilimpiya Çempionatında fortepiano, tar, saz, nağara, qarmon alətlərində ifa, xanəndəlik, toxuluculuq və dərzilik də daxil olmaqla 7 peşə sahəsi üzrə 42 abilimpiyaçı iştirak edib.
İştirakçılar musiqi, toxuculuq, ifaçılıq, həmçinin digər yaradıcı və peşə yönümlü kateqoriyalar üzrə bacarıqlarını sərgiləyərək münsiflər heyətinin və tamaşaçıların böyük rəğbətini qazanıblar. Yarışın sonunda qaliblər medal və diplomlarla, digər iştirakçılar isə sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbirin əsas məqsədi beynəlxalq arenada Azərbaycanı təmsil edəcək komandanın formalaşdırılması, xüsusilə də 2027-ci ildə Finlandiyada keçiriləcək XI Beynəlxalq Abilimpiya Çempionatına hazırlıq prosesinin gücləndirilməsidir.