/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” tərəfindən peşəyönümü məsləhət xidməti fəaliyyətini davam etdirir. Bu çərçivədə Naxçıvan şəhər 15 və 17 nömrəli tam orta məktəblərdə təhsil alan şagirdlərin ixtisas seçimi və karyera planlaması mövzularında tədbir keçirilib.
Maarifləndirmə sessiyalarında şagirdlərə gələcək peşə və ixtisas seçiminin əsas meyarları, əmək bazarının tələbləri, karyera hədəflərinin müəyyənləşdirilməsi və planlaşdırılması barədə məlumat verilib.
Ümumilikdə 311 şagird - o cümlədən 164 nəfər 5-7-ci sinif, 147 nəfər isə 8-11-ci sinif şagirdləri-peşəyönümü mövzusunda məlumatlandırılıb, onların ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Peşəyönümü məsləhət xidmətləri gələcəkdə də digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.