/**/
7-20 sentyabr tarixlərində Cənubi Koreyanın Daejeon şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən “Dayanıqlı İnkişaf Məqsədlərinin statistik potensialının gücləndirilməsi” mövzusunda beynəlxalq təlim keçirilmişdir. Təlimdə Azərbaycan, Beliz, İordaniya, Fici və Laosdan ümumilikdə 15 nümayəndə iştirak etmişdir. İştirakçılar, həmçinin Seul şəhərində KOICA-nın təşkil etdiyi oriyentasiya sessiyalarına qatılmışlar.
Ölkəmizi təlimdə üç nəfərlik nümayəndə heyəti təmsil etmişdir ki, onlardan biri Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Lətif Sadiqov olmuşdur. O, “Dayanıqlı İnkişaf Məqsədləri”, xüsusilə SDG 4 – “Keyfiyyətli təhsil” istiqaməti üzrə ölkə hesabatını təqdim etmişdir. Təqdimatda Azərbaycanda sosial inkişaf sahəsində həyata keçirilən tədbirlər, “Təhsildə sosial iş” layihəsi, həssas qruplara göstərilən xidmətlər və Nazirliyin qazandığı beynəlxalq mükafatlar barədə məlumat verilmişdir. Təqdimat Koreyanın “Statistik təhlillər üzrə təlim müəssisəsi”nin ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. Nümayəndə heyətinin digər üzvləri isə SDG 3 – “Sağlamlıq və rifah” üzrə hesabat təqdim etmişlər.
Təlimin yekununda iştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərinə daha səmərəli töhfə vermək məqsədilə fəaliyyət planı hazırlamışlar. Plan göstəricilərin davamlı artımını və məqsədlərə nail olma prosesinin təkmilləşdirilməsini nəzərdə tutur.