/**/
Xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək və cəmiyyətə inteqrasiaylarını təmin etmək günümüzün olduqca vacib və aktual məsələlərindən biridir. Ölkəmizin ictimai həyatında, sosial problemlərin həllində çox fəal iştirak edən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə, sosial problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılıb. 2010-cu il oktyabrın 5-də Prezident cənab İlham Əliyev Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.
Müasir texnologiyalarla təchiz olunmuş Regional İnformasiya Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradır.
Əlilliyi müəyyən edilmiş şəxslərin, xüsusilə də əlilliyi müəyyən edilmiş uşaqların valideyinlərinin çoxsaylı müraciətlərini nəzrə alaraq, fəaliyyətini sosial reabilitasiya istiqamətində quran Regional İnformasiya Mərkəzində bir sıra bölmələr təşkil edilərək istifadəyə verilib.
Mərkəzə müraciət edənlər ilk olaraq, Psixoloji dəstək xidmətində qəbul edilir. Psixoloji dəstək xidmətinə müraciət edənlərin hər biri ilə fərdi şəkildə konsultasiya aparıldıqdan sonra onların müvafiq bölmələrə yönləndirilməsi həyata keçirilir. Konsultasiya zamanı müraciət edənlərə müxtəlif psixoloji və inkişaf testləri tətbiq edilir ki, bu da onların ilkin bacarıqlarının müəyyən edilməsində mühüm rol oynayır.
Mərkəzdə çoxsaylı reabilitasiya bölmələri müvafiq istiqamət üzrə fəaliyyət göstərir. Belə ki, eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün daktil əlifbası və jest dili üzrə dərslər keçirilir.
Görmə qabiliyyəti məhdud şəxslərin mərkəzə cəlbi daim diqqətdə saxlanılır ki, onlar üçün mərkəzdə xüsusi proqramlarla təhciz olunmuş komputerlər, audio və brayl kitabalarla zəngin kitabxana fondu mövcuddur. Bundan əlavə olaraq görmə qabiliyyəti məhdud şəxslər üçün fərdi şəkildə brayl kurslar fəaliyyət göstərir. Həmçinin görmə qabiliyyəti məhdud şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” adlı aylıq jurnalın, məktəbli oxucular üçün “Şəfəq” jurnalının xüsusi buraxılışı çap edilir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən bölmələrdən biri də Defektoloji bölmədir. Defektoloji bölmənin təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni inkişafın ləngiməsi və nitq qüsurları olan uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə adaptasiyasını təmin etməkdir. Həmçinin bu bölmədə ehtiyac olduğu təqdirdə benefisiarlara loqopedik masaj da tətbiq olunur. Çox saylı vətəndaş müraciəti nəzərə alınaraq defektoloji xidmətlərə əlçatanlığın təmin edilməsi üçün Şərur və Ordubad rayonlarında Mərkəzin defektoloji bölməsinin rayon filialları fəaliyyət göstərir.
Ümumiyyətlə əqli potensialı zəif olan şəxslərin psixi və nitqinin inkişafında sosial reabilitasiya mühüm əhəmiyyət kəsb edir. Mərkəzə müraciət edən bu kateqoriyadan olan autizm sindromlu, daun sindromlu, psixi inkişafın ləngiməsi, uşaq serebral iflic, əqli inkişafın geriliyi və s. olan şəxslərlə aparılan təlim zamanı bir sıra xüsusi proqram və terapiyalardan istifadə olunur. Mərkəzdə tətbiq olunan qrup, kukla, nağıl, rəsm və oyun terapiyaları bu qəbildən olan şəxslərin inkişafında və cəmiyyətə adaptasiyasında əvəzsiz rol oynayır.
Həmçinin mərkəzdə diqqət dağınıqlığı, bədən, əl və göz koordinasiyasında çətinliyi olan şəxslərin reabilitasiyasında kinnect oyunlar bölməsindən də istifadə edilir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən bölmələrdən biri də “Əmək terapiyası”dır. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırma, plastilin işi, rəsm, quraşdırma və sair növləri sağlamlıq imkanları məhdud uşaqlarda əmək qabiliyyətinin inkişafı, həmçinin fiziki və əqli cəhətdən qüsurları olan uşaqlarda onların fiziki qüsurlarının qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətlərinin inkişafı üçün əsas vasitədir. Hiperaktiv və diqqət zəifliyi olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını təmin etmək üçün təlim-bərpa eləcə də, musiqi terapiyası kimi xidmətlər təklif edilir. Musiqi terapiyası bölməsinə müraciət edənlərin müvafiq istiqamət üzrə istedadları aşkarlanır və bu yöndə inkişaf etdirilir.