/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin məşğulluq imkanlarının artırılması, peşə yönümünün təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması istiqamətində müxtəlif proqramlar həyata keçirilir.
Bu məqsədlə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera körpüsü” adlı layihənin icrasına başlanılıb. Layihənin əsas məqsədi ali təhsilli işsiz və işaxtaran şəxslərin, xüsusilə gənclərin məşğulluq imkanlarının qiymətləndirilməsi və onların əmək bazarına inteqrasiyasının təmin olunmasıdır. Layihə çərçivəsində iştirakçıların bacarıq və potensialları qiymətləndirilir, uyğun vakansiyalarla əlaqələndirilir, işə qəbul müsahibələrinə hazırlıq, eləcə də aktual ixtisaslara yönləndirmə həyata keçirilir. Həmçinin layihə iştirakçılarına karyera planlaması, məsləhət xidmətləri, müxtəlif təlimlər və işəgötürənlərlə birbaşa əlaqə imkanları təqdim olunur.
Layihəyə müraciət edən 1100-dən çox ali təhsilli şəxs arasından ilkin mərhələdə 545 nəfərlə iş aparılıb. Onlardan 371 nəfər sorğuda iştirak edib və məlumatları təhlil olunaraq ixtisas, iş təcrübəsi və digər peşəkar göstəricilər əsasında qiymətləndirilib. Seçilmiş 52 nəfərin iştirakı ilə görüş təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək ölkəmizdə əmək bazarının inkişaf meyilləri və müasir trendlərin işçi qüvvəsinə təsiri barədə məlumat verib. O, layihə iştirakçılarına ixtisas bilikləri ilə yanaşı, özünüinkişaf və yumşaq bacarıqların gələcək karyeralarında böyük əhəmiyyətə malik olmasının əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, layihənin icrası müddətində iştirakçılar üçün “CV və peşəkar profil yaradılması”, “Müsahibəyə hazırlıq və özünü təqdimetmə bacarıqları”, “Effektiv ünsiyyət, iş mühiti və peşə məsuliyyəti”, “Emosional dayanıqlılıq və stresin idarə olunması” mövzularında təlimlər təşkil olunacaq. Həmçinin, əmək bazarında aktuallığını itirmiş ixtisaslara sahib şəxslər üçün onların bacarıq və maraqlarına uyğun yeni peşə hazırlığı kurslarının təşkili planlaşdırılır.
Tədbirin sonunda iştirakçılarla qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.