/**/
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” və “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” mövzularında işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Qasımov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin sektor müdiri Rəşad Əhmədov və həmin şöbənin əməkdaşı Orxan Nadirov, eləcə də Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sektor müdiri Elmar Eyvazov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda son illərdə əmək qanunvericiliyində həyata keçirilən islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar ətraflı izah edilib.
Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər, Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması istiqamətində görülən işlər barədə məlumat verilib. Qadınların əmək hüquqlarının təmin olunması və əmək münasibətlərində gender bərabərliyi prinsipinə riayət olunmasının vacibliyi vurğulanıb. İşə qəbul, əmək şəraitinin müəyyənləşdirilməsi, əməkhaqqının ödənilməsi, vəzifə bölgüsü və karyera yüksəlişi zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin zəruriliyi xüsusi qeyd edilib.
Tədbirdə dövlət və qeyri-dövlət sektorunu təmsil edən 60 qurumdan ümumilikdə 100-ə yaxın nümayəndə iştirak edib. Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.