/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib.
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə keçirilən tədbirdə dövlət və qeyri-dövlət sektorunu təmsil edən 97 qurumdan ümumilikdə 103 nümayəndə iştirak edib.
Tədbirdə əməyin mühafizəsinə dair videoçarx nümayiş olunub.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov çıxış edərək tədbirin əhəmiyyəti və əsas məqsədləri barədə məlumat verib. O, Ümumdünya Əməyin Mühafizəsi Gününün əhəmiyyətindən bəhs edərək iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması istiqamətində maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov, Dövlət və Bələdiyyə İdarələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Ülvüyə Novruzova, Naxçıvan Muxtar Respublika Xəstəxanasının psixoloqu Minə Əkbərli və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov mövzu üzrə çıxış ediblər.
Çıxışlarda iş yerlərində psixososial risk amillərinin müəyyənləşdirilməsi, bu risklərin effektiv idarə olunması istiqamətində müasir yanaşmalar və praktik həll yolları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, tədbirin əsas məqsədi əməyin mühafizəsi və iş yerlərində sağlam mühitin formalaşdırılması sahəsində maarifləndirmə işinin gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və müasir yanaşmaların təşviq edilməsidir.