/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “Əməkhaqqının ödənilməsi formaları, qaydaları və əməkhaqqından tutulmalar”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları müvafiq mövzular üzrə iştirakçıları məlumatlandırıblar.
Çıxışlar zamanı Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əməkhaqqının ödənilməsinin forma və qaydaları, habelə işəgötürənlərin bu sahədə qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəlikləri diqqətə çatdırılıb. Həmçinin əməyin mühafizəsinin norma, qayda və prinsipləri, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və bu sahədə müəyyən edilmiş tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.
Maarifləndirici tədbirdə qeyri-formal məşğulluğun yaratdığı risklər və bu halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
Dövlət və qeyri-dövlət sektorunu təmsil edən 25 qurumdan ümumilikdə 30-a yaxın nümayəndə iştirak edib. Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.