/**/
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə işəgötürənlər üçün “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Qasımov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin sektor müdiri Rəşad Əhmədov və şöbənin əməkdaşı Orxan Nadirov, eləcə də Dövlət Məşğulluq Agentliyinin sektor müdiri Elmar Eyvazov mövzuya dair təqdimatlarla çıxış ediblər.
Həmçinin tədbirə dəvət olunmuş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov da mövzu üzrə çıxış edib.
Çıxış edənlər tərəfindən sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti, eləcə də Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında geniş məlumat verilib. Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə təqdim etdiyi xidmətlər də iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir “Əmək və məşğulluq” (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında, iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrdən dövlət və qeyri-dövlət sektorunu təmsil edən 30-a yaxın nümayəndənin iştirakı ilə təşkil edilib.
Sonda müzakirə edilən mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.