/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “ƏMAS-ın imkanları və yeniliklər” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri təşkil edilib.
Tədbirdə Nazirliyin aparatının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçıları müvafiq istiqamətlər üzrə məlumatlandırıblar.
Çıxışlar zamanı “Əmək və Məşğulluq” altsisteminin imkanları, funksional bölmələri və altsistem üzrə tətbiq olunan son yeniliklər barədə ətraflı məlumat verilib. Həmçinin vakant və yeni yaradılmış iş yerləri barədə məlumatların vakansiya bankına daxil edilməsinin qaydaları izah olunub, bunun işəgötürənlər üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.
Eyni zamanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara qeyri-formal məşğulluğun yaratdığı risklər və mövcud problemlər və bu halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib.
37 dövlət və qeyri-dövlət müəssisəsindən ümumilikdə 42 nümayəndənin iştirak etdiyi tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.