/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə "ƏMAS-ın imkanları və yeniliklər", "İş yerlərində əməyin mühafizəsi və istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığorta" və "Qeyri-formal məşğulluğun qarşısının alınması" mövzularında maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçıları müvafiq istiqamətlər üzrə məlumatlandırıblar.
Çıxışlar zamanı “Əmək və Məşğulluq” altsisteminin imkanları, funksional bölmələri və sistemdə tətbiq edilən son yeniliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda qeyri-formal məşğulluğun yaratdığı risklər, mövcud problemlər, hüquqi məsuliyyət və inzibati nəticələr iştirakçıların diqqətinə çatdırılıb, bu halların aradan qaldırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Tədbir çərçivəsində iştirakçılara istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub, müəssisələrdə əməyin mühafizəsi işinin təşkili və təhlükəsizlik qaydalarının tətbiqi barədə məlumat verilib.
Maarifləndirici tədbirdə 53 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 62 nümayəndə iştirak edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri ilə bağlı əlavə izahlar verilib.