/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün “ƏMAS-ın funksionallığı və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçıları müvafiq istiqamətlər üzrə məlumatlandırıblar.
Çıxışlar zamanı “Əmək və Məşğulluq” altsisteminin imkanları, funksional bölmələri və sistemdə tətbiq edilən son yeniliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda qeyri-formal məşğulluğun yaratdığı risklər, mövcud problemlər, hüquqi məsuliyyət və inzibati nəticələr iştirakçıların diqqətinə çatdırılıb, bu halların aradan qaldırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Tədbir çərçivəsində iştirakçılara müəssisələrdə əməyin mühafizəsi işinin təşkili, işçilərin təlimatlandırılması və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları barədə də məlumat verilib.
Maarifləndirici tədbirdə 43 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 47 nümayəndə iştirak edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri ilə bağlı əlavə izahlar verilib.