/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Naxçıvan şəhərində yaşayan, 2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş kapitan Şahmar Quliyevin, Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Rüfət Gözəlovun və Xocavənd rayonunun Veysəlli kəndi istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn İslam Eyvazovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, kapitan Şahmar Quliyev III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə” medalları, şəhid Rüfət Gözəlov III dərəcəli “Vətənə xidmətə görə’’ ordeni, “Vətən uğrunda”, “Hərbi Xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə’’, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə’’ medalları, şəhid İslam Eyvazov "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!