/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Naxçıvan şəhərindən olan, 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş İbrahim İbrahimovun və eyni ildə Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant Fuad Əlizadənin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid İbrahim İbrahimov “Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə” medalları, şəhid, baş leytenant Fuad Əlizadə III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!