/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin əməyindən istifadə, onlar üçün əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının təmin edilməsi, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları çıxış edərək əlilliyi olan şəxslərin əmək hüquqları ilə bağlı mövcud qanunvericilik tələblərini iştirakçıların diqqətinə çatdırıb, bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətindən danışıblar. Həmçinin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik normalarına riayət olunması məsələləri barədə məlumat verilib.
Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının nümayəndəsi müəssisələrdə əməyin mühafizəsi üzrə standart və qaydaların tətbiqi, mərkəzin fəaliyyət istiqamətləri və iş yerlərinin attestasiyasının keçirilməsi prosedurları haqqında ətraflı məlumat təqdim edib.
Maarifləndirici tədbirdə 20 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 25 nümayəndə iştirak edib, onların sualları cavablandırılıb.