/**/
Dünya Bankının sosial müdafiə və əmək üzrə komandasının üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarına “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində təlim keçirilib.
Təlim çərçivəsində layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nin həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digərləri) kiçik biznesə çıxışına təkan verdiyi vurğulanıb.
Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlarla təmin edilərək kiçik bizneslərini quran və uğurla davam etdirən şəxslərin uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə iştirakçılarına sertifikatlar təqdim edilib.