/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə dövlət və qeyri-dövlət müəssisələrinin əməkdaşları üçün maarifləndirici tədbir təşkil olunub.
Görüş “Əmək və icra intizamının təmin edilməsi qaydaları”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” və “Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və iş yerlərinin attestasiyasının keçirilməsi” mövzularını əhatə edib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları çıxış edərək işəgötürənlərin işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməsinin qanunvericiliyə əsasən vacib olduğunu vurğulayıblar. Həmçinin əmək və icra intizamına riayət olunmasının əhəmiyyəti, işəgötürən və işçi arasında qarşılıqlı maddi məsuliyyət yaradan hallar barədə ətraflı məlumat təqdim olunub.
Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının nümayəndəsi müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Mərkəzin fəaliyyət istiqamətləri və iş yerlərinin attestasiyası barədə məlumat verib.
Görüşdə 21 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 23 nümayəndə iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb.