/**/
Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşına vəsiqə və medallar təqdim olunub.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev təltif edilmiş Nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
O qeyd edib ki, dövlətimizin başçısının tapşırıqları əsasında əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl sosial islahatlar aparılır. Bu islahatlar prosesində, dövlət qulluğu sistemində səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlar ölkə Prezidenti tərəfindən daim yüksək dəyərləndirilir. 2018-ci ildən ötən dövrdə dövlətimizin başçısının Sərəncamları ilə Nazirliyin 141 əməkdaşı dövlət təltiflərinə layiq görülüb.
Nazir təltif edilmiş əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Tədbirdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi, habelə əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində görülmüş işlərə dair məlumat verib.
Qeyd edək ki, tədbirdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və məşğulluq siyasəti şöbəsinin müdiri Vüsal Süleymanlıda iştirak edib.
Sonra vəsiqələr və medallar təqdim edilib. Təltif edilmiş əməkdaşlar dövlətimizin başçısına onlara göstərdiyi yüksək diqqət və qayğıya, etimada görə minnətdarlıqlarını ifadə edib, gələcəkdə də daim səylə çalışacaqlarını bildiriblər.