/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Culfa və Ordubad rayonlarından olan, 2017-ci ildə Xocavənd rayonunda şəhid olmuş baş leytenant Tural Haşımlının və 2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan leytenant Nicat Məmmədlinin ailələrini ziyarət edib.
Rasim Piriyev şəhid, baş leytenant Tural Haşımlının vətənə əmanət övladı, şəhidimizin adını daşıyan Tural Haşımlının doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, baş leytenant Tural Haşımlı "Şücaətə görə" medalı, şəhid, leytenant Nicat Məmmədli 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!