/**/
Culfa Rayon İcra Hakimiyyətində “Uşaq əməyi istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Polis Şöbəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edənlər uşaq əməyindən istifadənin yaratdığı təhlükəli nəticələr, uşaqların psixoloji və fiziki inkişafına vurduğu zərər barədə məlumat veriblər. Bildirilib ki, bu cür hallar həm hüquqi, həm də sosial baxımdan yolverilməzdir və qarşısının alınması üçün birgə səylər vacibdir.
Maarifləndirmə tədbirində iştirakçılara uşaq hüquqlarının qorunması, erkən yaşda əmək fəaliyyətinə cəlb olunmanın qarşısının alınması, valideyn məsuliyyəti və mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib.
Tədbir zamanı, həmçinin, Culfa rayonu üzrə bu sahədə mövcud vəziyyət, həyata keçirilən tədbirlər və gələcəkdə görülməsi planlaşdırılan işlər müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.