/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Babək rayonundan olan, 1996-cı ildə şəhid olmuş Elşad Bağırovun, 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş leytenant Elvin Məmmədovun və eyni ildə şəhidlik zirvəsinə ucalan baş leytenant Allahyar Telmanlının ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Elvin Məmmədov III dərəcəli “Rəşadət” ordeni, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları, şəhid, baş leytenant Allahyar Telmanlı isə III dərəcəli “Rəşadət” ordeni və “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!