/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Əmək fəaliyyəti ilə məşğul olan müharibə veteranlarının əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi müharibə veteranlarının əmək hüquqları sahəsində məlumatlılığın artırılması, iş yerlərində əməyin mühafizəsi ilə bağlı qayda və tələblərin daha geniş təbliğ olunması olub. Görüş zamanı iştirakçılara Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyində müharibə veteranlarının əmək hüquqlarını tənzimləyən normalar barədə ətraflı məlumat verilib.
Daha sonra müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, qəbul edilmiş yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 23 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 25 nümayəndə iştirak edib. Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, praktiki məsələlər üzrə fikir mübadiləsi aparılıb.