/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə “12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü" ilə əlaqədar“ “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları, həmçinin məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Maarifləndirici görüş zamanı iştirakçılara Azərbaycan Respublikasının əmək qanunvericiliyində azyaşlıların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı tələblər, həmçinin məcburi əməyin və uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, şagirdlərin bu mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb, onların hüquqi maarifləndirilməsi məqsədilə müzakirələr aparılıb.
Tədbirin məqsədi uşaq əməyinə qarşı mübarizənin vacibliyinə diqqət çəkmək, eləcə də uşaqların hüquqlarının qorunması və əmək münasibətlərində qanunvericiliyə uyğun maarifləndirmənin təmin olunmasıdır.