/**/
Bu gün ölkəmizdə Laçın şəhəri günü böyük qürur hissi ilə qeyd edilir. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm tarixi Qələbə qazanaraq, doğma torpaqlarımızı 30 ilədək davam edən işğaldan azad etdi.
Azərbaycanın döyüş meydanında əldə etdiyi böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı və ordusu tamamilə darmadağın edilən, kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan üç rayonumuzdan, o cümlədən Laçından öz qoşunlarını çıxardı. Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilərək, öz azadlığına qovuşdu.
2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da Laçının işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın şəhəri günü kimi qeyd olunur.
Bütün azad edilmiş ərazilərimiz kimi, ölkəmizin dilbər bölgələrindən biri olan, əsrarəngiz təbiət mənzərələri, gözəlliyi ilə seçilən, doğma sakinlərinə qovuşaraq azad günlərini yaşayan Laçın da genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib. Ardıcıl şəkildə aparılan bu işlər nəticəsində Laçın yeni inkişaf dövrünü yaşayır və gündən-günə daha da gözəlləşir.